Filippin: Kişi intim əlaqədən sonra meymunçiçəyi xəstəliyinə yoluxdu

Filippində 2023-cü ilin dekabrından bəri ilk meymunçiçəyi xəstəliyi halı qeydə alınıb. Yoluxma intim əlaqə vasitəsilə baş verib. Tibb mütəxəssislərinin sözlərinə görə, 33 yaşlı xəstədə bu xəstəlik üçün xarakterik olan simptomlar, o cümlədən yüksək hərarət və bədənin müxtəlif hissələrində səpgilər müşahidə edilib.

Qeyd etmək lazımdır ki, bir zamanlar nadir xəstəlik hesab edilən meymunçiçəyi son vaxtlar geniş yayılıb. Xəstəlik yalnız yoluxmuş heyvanla təmas nəticəsində deyil, həm də insanlar arasında, xüsusən də cinsi əlaqə vasitəsilə ötürülür. Əsas simptomlara qızdırma, səpgilər, əzələ ağrıları və limfa düyünlərinin şişməsi daxildir.

Həkimlər profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayır, o cümlədən şəxsi gigiyenaya riayət etmək və qorunmayan cinsi əlaqələrdən çəkinməyi tövsiyə edirlər. Xəstə hazırda izolyasiya olunsa da, bu cür hallar xəstəliyin yeni dalğasının potensial təhlükəsini göstərə bilər.